Sentyabrın sonlarında Azərbaycanda Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilmiş VI Bakı Beynəlxalq Kitab Yarmarkası keçirilmişdir. Hər il keçirilən bu mühüm tədbir görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmişdir. Biliyə can atan bir çox azərbaycanlı gənclər, həm bədii, həm də elmi ədəbiyyat oxucuları bu tədbirdə iştirak etmişdir.
Bu günə qədər belə, yeni bir kitab açanda hər dəfə uşaqlığımdakı ilk oxu təcrübələrimə və onların açdığı bilik yoluna qayıdıram. Həm Avropada, həm də Şərqdə mətbəə ixtirasından əvvəl kitablar əllə yazılırdı və məhdud idi. XV əsrdə ilk mətbəələr bilik mübadiləsinə və bu iki fərqli sivilizasiyanın inkişafına güclü təsir göstərdi.
Azərbaycan folklorunun şah əsərlərindən olan “Kitabi-Dədə Qorqud” hələ X əsrdən əvvəl yazıya alınıb. Onun orijinal nüsxəsindən biri Drezdendə, digər nüsxəsi isə Vatikanda saxlanılır. Fəxr edirəm ki, bizim TEAS Press Nəşriyyat Evinin ilk işlərindən biri məhz bu kitabın yenidən nəşrə hazırlanmış variantını çapı olmuşdur.
Şərqdə kitab mədəniyyət tarixində dərin iz qoymuş daha bir hadisə ilə də böyük rol oynayıb. Məlumdur ki, İslam ənənələrinə görə, rəngkarlığın məhdudlaşdırılmasına baxmayaraq, miniatür sənəti bir çox əlyazma kitablarda əksini tapmışdır.
Azərbaycanda qədim və orta əsrlər dövrlərinə aid kitabların mühafizə olunduğu Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda daimi fəaliyyət göstərən miniatür sərgisi bu sahədə necə böyük uğurların əldə olunduğunu nümayiş etdirir. Böyük Britaniyanın Kral Kitabxanasında görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri və onlara çəkilmiş miniatürlərin nümayiş etdirilməsi də çox xoşdur və qürurvericidir.
Bu günümüzdə nəşriyyat qlobal bir müəssisədir. Müasir informasiya texnologiyalarının yaratdığı rəqabət onu tanınmaz dərəcədə dəyişib və oxuculara kitab və yazılı materialların daha geniş seçimini təmin edib.
Belə bir şəraitdə biz də bu səylərə töhfə vermək məqsədilə TEAS Press Nəşriyyat Evini təsis etdik. Uşaq və yeniyetmələrin Azərbaycan dilində ən müasir bədii və elmi-kütləvi ədəbiyyatla tanış olması üçün “Üç alma” nəşriyyatını yaratdıq.
“TEAS Press” yalnız yerli yazıçıların kitablarını deyil, həm də bütün dünyada məşhur olan müəlliflərin əsərlərini də tərcümə edərək nəşr edir. Yaradılmasından cəmi üç il keçməsinə baxmayaraq, hazırda onun kataloqunda 800-dək adda kitab yer alır.
Bundan əlavə, həm TEAS Press, həm də dünyanın aparıcı nəşriyyatları tərəfindən buraxılan kitabların satılması üçün “Libraff” kitab mağazaları şəbəkəsi yaradıldı ki, bu da ədəbiyyatı Azərbaycan ictimai həyatının əsas hissəsi kimi qiymətləndirməyə kömək etdi. Bütün “Libraff” mağazalarında geniş oxu, müzakirə məclisləri və təqdimatlar keçirilir.
TEAS Press Nəşriyyat Evi dünyanın ən tanınmış və aparıcı nəşriyyatları ilə əməkdaşlıq edir, ölkəmizi London, Frankfurt, İstanbul, Boloniya daxil olmaqla beynəlxalq kitab sərgilərində uğurla təmsil edir. Bakı Beynəlxalq Kitab Yarmarkasında da minlərlə kitab sərgilənirdi və burada Azərbaycandan 80, 22 xarici ölkədən isə 40 nəşriyyat iştirak edirdi.
İki gün davam edən sərgidə TEAS Press Nəşriyyatı Nəsimiyə həsr edilmiş və üç dildə nəfis şəkildə çap olunmuş yeni kitabı təqdim etdi. TEAS Press tərəfindən nəşr edilmiş ən son kitabların müəlliflərindən Zəhra Bədəlbəyli, Aysel Əlizadə, Sahilə Yaya, Cəmilə Musayeva, Elxan Elatlı və Nadir Adilovun imza günləri keçirilib.
Bu cür sərgilərin təşkilinin ölkədə kitabların tanıdılmasına böyük töhfə verdiyi və Azərbaycan oxucuları üçün ədəbi seçim imkanlarının genişləndirilməsi danılmazdır.
Bizim üçün xüsusilə qürurverici hadisə isə Kitab Yarmarkası Təşkilat Komitəsinın TEAS Press Nəşriyyat Evini “Ən yaxşı nəşriyyat” mükafatı ilə təltif etməsi oldu. Bu həm bizim fəaliyyətimizə verilən yüksək qiymət, həm də Azərbaycan ədəbi ictimaiyyətinin bizə göstərdiyi etimaddır.
Nəşr və kitablar insanları daha yüksək intellektual səviyyəyə çatdırır, bilik səyahətinə aparır və nəticədə daha məlumatlı və perspektivli bir gələcək yaradır. Bu mühüm sahəyə davamlı sərmayə yatırmaq və dəstək olmaq çox vacibdir və gələcək fəaliyyətimizin əsas istiqaməti və başlıca missiyamız olacaq.