“Korporativ həyat dövrü”
Bugünkü uğurlu şirkətlər xüsusilə də rəhbər vəzifələrə işə həm qeyri-standart düşüncəyə malik, həm də problemlərin həllində analitik yanaşma sərgiləyən şəxsləri götürür. Sahə təcrübəsi faydalı olsa da, bu, uğur üçün əsas şərt deyil. Yarana biləcək problemləri və hadisələrin gedişini əvvəlcədən təxmin etmək, eləcə də onları önləmək bacarığı daha vacibdir.
Hər hansı bir mürəkkəb problemlə üzləşdikdə onu anlamaq və həll etmək üçün görüləcək işlərin proqramı hazırlanmalıdır. Mən uzun illər boyu bir çox biznes sahələrində çalışmışam, korporativ idarəetməni öyrənmişəm və vaxtilə bir çox mühazirələr dinləmişəm. Rəhbərlik etdiyi şirkətə daha yaxşı idarəetmə metodu tətbiq etmək istəyənlər üçün nəzərdə tutulmuş bir neçə nəzəriyyəni öyrənmişəm. Onlardan bəziləri digərlərinə nisbətən daha maraqlıdır. Həmkarım mənə Kaliforniya (Los-Anceles) Universitetinin keçmiş professoru, 20-dən çox kitabın müəllifi və hər bir şirkətin öz həyat dövrü olduğundan ona canlı orqanizm kimi baxılmalı olduğunu iddia edən biznes məsləhətçisi, doktor İshak Adizesin mühazirəsini dinləməyimi tövsiyə etdi. Mən böyüməkdə olan insanlar kimi şirkətlərin də həyat dövrünün doqquz mərhələsindən keçdiyini öyrəndim. Bu mərhələlərin hər birində problemlər proqnozlaşdırılır və aradan qaldırılır.
Dr. Adizesin “Korporativ həyat dövrü” adlandırdığı bu dövrün mərhələlərindən biri “yeniyetməlik” mərhələsidir. Bu mərhələdə şirkət öz təsisçisinin onun üçün qurduğu həyatdan fərqli bir həyatın olduğunu öyrənir və “yeniyetmə şirkət uğurla fəlakət arasında tarazlığını saxlayır”. Təsisçi uğurlu şirkətə rəhbərlik etmək üçün istedadlı əməkdaşları şirkətə cəlb etməyi bacarmalıdır. Dr. Adizesin “İdarəetmədə dörd rol” nəzəriyyəsində göstərildiyi kimi, bir şirkətin ayaqda qalması üçün şirkət daxilində “birləşdirici” rolunu oynaya biləcək birinin olması vacibdir. “Birləşdirici” təşkilatın uzun müddət fəaliyyət göstərməsi üçün onun daha böyük və sıx komanda şəklində birləşməsinə kömək edir. Dr. Adizes düşünür ki, “birləşdirici” olmasa, şirkət öz təsisçisinin daimi iştirakı olmadan fəaliyyət göstərə bilməz və bu səbəbdən elə “yeniyetməlik” mərhələsində dağıla bilər.
Dr. Adizes həmçinin idarəetmənin “istehsal, idarəetmə, təşəbbüskarlıq və birləşdirmə” (İİTB) kimi dörd fərqli rolunun olduğunu bildirir. Kimsə bu dörd vacib funksiyanı yerinə yetirməsə, şirkətin fəaliyyəti uzun müddət davam edə bilməz. Bunun əsas səbəbi kimi rəhbər heyətdə birliyin olmaması göstərilir. Mükəmməl şəraitdə bir menecer bu idarəetmə funksiyalarının dördünü də inamla icra edə bilər. Əslində isə bu dörd idarəetmə funksiyasını yerinə yetirən və bunu yüksək səviyyədə icra edən insanları tapmaq çox çətindir. Yaxşı menecer bu funksiyaların ən azı ikisini məqsədəuyğun şəkildə icra etməyə qadirdir. Digər ikisi haqqında isə onun yalnız anlayışı ola bilər.
Dr. Adizes şirkətlərin “zadəganlıq” mərhələsindən də söhbət açır. Şirkətlər bu mərhələdə kifayət qədər zəngin və güclü maliyyə mənbələrinə malik olur, lakin onlar dəyişikliklərin baş verməsindən qorxur və gələcəkdə nail ola biləcəklərinə deyil, keçmiş nailiyyətlərinə baxdıqları üçün getdikcə zəifləyirlər. Şirkətlərin ayaqda qalması üçün idarəetmədə fərqli xüsusiyyətlərə və düşüncə tərzinə malik insanlar təmsil olunmalıdır. Şirkətlərin ayaqda qalması üçün onların heyətində bu qurumları qaçılmaz dəyişikliklərə uyğunlaşdıracaq “təşəbbüskar”ın olması zəruridir.
Dünya liderlərinə və iri şirkətlərə məsləhət xidmətləri təklif edən Adizes İnstitutunun hazırda 15 ölkədə ofisi var. Bu təşkilat tezliklə Azərbaycanda da öz ofisini açmağı planlaşdırır. Dr. Adizesin problemlərin həllinə göstərdiyi təkrarsız yanaşma, sahəsindən asılı olmayaraq, hər biznesdə uğurla tətbiq edilə bilər. Rəqabəti getdikcə artan bu biznes dünyasında biznes sarsıntılarına davam gətirmək üçün şirkətlər öz işlərində yenilikləri tətbiq etməyi bacaran istedadlı mütəxəssisləri cəlb etməlidir. İnkişaf etməkdə olan rəqəmsal texnologiyaların tətbiqinə üstünlük verən sahibkarlar və bu yolla idarəetməni öyrənən tələbələr düzgün yoldadır. Bununla yanaşı, şirkətlərin çiçəklənməsi və inkişaf etməsi üçün biznesin insani keyfiyyətlərinə malik liderlərin yetişdirilməsi çox əhəmiyyətlidir.
Bir çox nəzəriyyələrdən fərqli olaraq, Dr. Adizesin nəzəriyyəsi istənilən şirkətdə tətbiq edilə bilər. “Korporativ həyat dövrü” nəzəriyyəsi işlədiyim şirkətlərin miqyasından və yaşından asılı olmayaraq, şəxsən mənim üçün hər birində faydalı olub. Bu nəzəriyyə mənim şirkətlərin üzləşdiyi problemləri düzgün qiymətləndirməyimə və həll etməyimə yardımçı olub. İİTB modeli mənə xüsusilə də idarəetməyə işə götürmə və istedadın qiymətləndirilməsi zamanı nəyə diqqət yetirməli olduğumu göstərib. Bu metodologiya insan resursları üzrə mütəxəssislərə namizədlərin bacarıqlarının qiymətləndirilməsi meyarlarını müəyyən etmək imkanı verir. Mən bu metodologiyadan istifadə edərək şirkətin rəhbərliyində təmsil olunan şəxslərin gücləndirilməsinə ehtiyac duyulan tərəflərini düzgün müəyyənləşdirməyi öyrənmişəm. Dr. Adizesin bu qiymətli nəzəriyyəsi ilə tanış olmazdan əvvəl bunu etməyim mümkün deyildi.
Dr. Adizesin metodologiyası və təşkilati terapiyaya girişi onun çoxsaylı mükafatlar qazanan “Dəyişikliklərin idarə edilməsi” kitabında izah edilib. Bu kitabı Azərbaycan dilində TEAS Press Nəşriyyat evi, rus və ingilis dillərində isə bütün Azərbaycan ərazisində fəaliyyət göstərən “LIBRAFF” kitab mağazaları şəbəkəsi vasitəsilə əldə etmək mümkündür. Dr. Adizesin “Korporativ həyat dövrü” və “İdarəetmədə dörd rol” nəzəriyyələrinin sabahın liderləri üçün böyük əhəmiyyəti var.